Azərbaycanda din

Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru  dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşmasının” hökm sürdüyü müasir dövrümüzdə  ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də  demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə  hörmət bəsləmək  kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin  heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Bu sahədə atılan konkret addımlardan biri olaraq Birləşmiş Millətlər Təşkilatının 15 noyabr gününü “Beynəlxal Tolerantlıq Günü” elan etməsi və “Dözümlülük Prinsipləri Deklarasiyası”nın qəbul edilməsini göstərmək mümkündür. Azərbaycan Respublikası da dinlər arasında dialoqa böyük əhəmiyyət vermiş, tolerantlıq mühitinin hər zaman hökm sürməsini təmin etməyə çalışmış, bu sahədə əldə etdiyi uğurlar nəticəsində  dünya ictimaiyyəti tərəfindən  tolerantlığın parlaq nümunəsi adlandırılmağa  müvəffəq olmuşdur.

Qədim İpək Yolunun üzərində yerləşən və Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcüd olmasında Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və s. səbəblər böyük rol oynamışdır.

Azərbaycanın din tarixinə qısaca  nəzər salınsa və hazırkı dini durum təhlil edilsə  bu qədim torpaqda tarixən şamanlıq, atəşpərəstlik, zərdüştlük kimi çoxallahlı dinlərlə yanaşı islam, xristianlıq və yəhudilik kimi təkallahlı dinlərin yanaşı mövcüd olduğunu  və bu dinlərin Azərbaycan xalqının tolarantlıq keyfiyyətinin formalaşmasında kifayət qədər təsiri olduğunu görməmək mümkün deyil.

Çoxallahlılıqla bağlı inancların məcmusu kimi Bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir.

Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən – torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir. Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir.Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.

Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Avestaya daxil olan Qataların din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edildiyi zənn olunur. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc – Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. Sonda isə  xeyir qüvvə qalib gəlir.Zərdüştlük e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamış,orta əsrlərdən etibarən isə  Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.

Ən qədim dinlərdən biri olan Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Musa Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Amma bunu dəqiq söyləmək mümkündür ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar. Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini-iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.

2001-ci ildə Qubanın Qızmızı Qəsəbə adlanan ərazisində sinaqoq bərpa edilmiş, eləcə də 2003-cü ildə Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. Avropada ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa edilmişdir.  2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.  Qeyd etmək lazımdır ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının tarixi 2500 il öncəyə gedib çıxsa da, bu böyük tarixi dövr ərzində onların azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məzruz qalmasına dair bir dənə də fakt yoxdur. Azərbaycan dağ yəhudiləri dini icmasının sədri Semyon İxilov 2007-ci il Azərbaycanda keçirilən beynəlxalq konfransda ölkəmizdə yəhudi icmasına olan münasibəti  belə qiymətləndirir: “Azərbaycanda yaşayan və yəhudi dininə etiqad edən yəhudilər bu bərəkətli və qədim torpaqlarda xoşbəxt, firavan yaşayırlar və Azərbaycan xalqının ayrılmaz hissəsidirlər. Əslərdən bəri Azərbaycanda yaşayan müxtəlif millətlərin oğul və qızları hər zaman birlikdə olmuş və öz paylarına düşən sevinc və kədəri qardaşcasına palylaşmışlar.”

Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. Albaniyada xrisinalığın yayılması həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Lakin İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili ermənilər tərəfindən sıxışdırılıb çıxarılmışdır. Bununla yanaşı X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı erməni apostol kilsəsinə verilir . XX əsrin 80 – 90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Nic  kəndində yaşayır.

Azərbaycanda xristianlıq özünün əsasən pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.

Pravoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi “köçürmə siyasəti” çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. 1998-ci ildə Azərbaycanda Bakı və Xəzəryanı ölkələrin bölgə yepiskopluğu yaradılmış, tərkibinə Azərbaycan ərazisindəki Pravoslav kilsələri ilə yanaşı, Dağıstan və Çeçenistan Respublikalarındakı Pravoslav kilsələri də daxil edilmişdir. Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu İşein Aleksandr Azərbaycandakı mövcud dini şəraiti belə qiymətləndiməkdədir.: “Azərbaycan öz mədəniyyəti, tarixi, adət-ənənələri və incə dini duyumu ilə fəxr etməyə layiq olan dövlətlərdən biridir. Hələ qədimdən Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri yaşamışlar: Zərdüştlük. Iudaizm, Xristianlık və Islam. Bu, tarixən Azərbaycan xalqının, onun mentalitetinin milli çalarıdır.”

1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir və kilsə tez bir zamanda təmir edilmişdir, 1999-2001-ci illərdə isə  Bakıda digər pravoslav məbəd Müqəddəs Məryəmin Miladı Baş kilsəsi bərpa olunmuşdur.  2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan Rusiyanın patriarxı II Aleksi ölkəmizdəki tolerantlıq mühitinə heyranlığını gizlətməyərək qeyd edir : “Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respubliksaında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır.”

Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir. Malakanların kilsəsi yoxdur, ehkamları xüsusi “ayin kitablarında” verilmişdir. Onlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd edirlər.

Katolisizm. Xristianlığın bu qolu Bakıda Roma Katolik icması ilə təmsil olunmuşdur  Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur.

1999-cu ildə katolik icması dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayinləri ev şəraitində icra edən icma üzvlərinə lazımi şərait yaradılmışdır.  2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədi ilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Azərbyacan höküməti ilə Vatikan arasındakı razılığa əsasən, hazırda Bakıda Nobel prospektində Roma Katolik Kilsəsi inşa olunmuşdur.

Eyni zamanda Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel Heydər Əlievin dəvəti ilə 2002-ci ilin may ayında Bakıya səfərə gəlmiş, ölkədəki dini durumla taniş olmuş, ictimaiyyətin nümayəndələri və din xadimləri ilə görüşlər keçirmişdir. Ali qonaq ölkədəki dini durumu və tolerantılıq mühitini yüksək qiymətləndirmiş, katolik icmasına yaradılan şəraitdən məmnunluğunu ifadə etmişdir. Roma Papası II İohan Pavel 2004-cü il noyabrın 18-də Bakıdakı səfəri zamanı bu tarixi sözləri demişdir :“Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər.”

Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda İncilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini – kirxanı (indiki Kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Xanlar) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə Lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.

İslam (ərəbcə: الإسلام al-‘islām) ibrahimi bir dindir. “İslam” adı, S-L-M (سلم) kökündən törənmişdir. Bu kökün umumi olaraq qəbul edilən iki anlamı vardır. Bunlar:

  1. 1.sülh (salam da bu kökdəndir),
  2. 2.boyun əymək, itaət etmək (Allaha təslim olmaqdır).

Dünyada təqribən 1 mlrd-dan artıq müsəlman yaşayır. Bunlardan 150 mln nəfəri ərəbdir. Dünyanın 120-dən artıq ölkəsində müsəlman icmaları mövcuddur. 40-a qədər ölkələrdə müsəlmanlar ölkənin əhalisinin yarısından çoxunu, digər dövlətlərdə isə nüfuzlu azlıq təşkil edir. İslamın əsas ehkamı – tək həqiqi ilahinin – Allahın tanınmasıdır. Allah bütün mövcudatın yaradıcısı, bütün insanların ali-hökmdarı hesab olunur.

Müsəlmanlar hər gün namaz qılmalı, oruc tutmalı və ömürlərində heç olmasa bir dəfə həccə getməlidirlər. Bundan başqa müsəlman zəkat verməli və sədəqə paylamalıdır.

Azərbaycan əhalisinin əksər hisssəsini müsəlmanlar təşkil etməkdədir. İslamın ortaya çıxdığı VII əsrdə bu din bütün dünyaya yayılmış, elə həmin dövrdə Azərbaycan xalqı islam dinini  tanımış, onun yüksək  mənəvi dəyərlərini mənimsəməyə başlamışdır. İslamın əks etdirdiyi ən gözəl xüsusiyyətlərdən biri – başqa dinlərin mənsublarına hörmətlə yanaşma prinsipi- xalqımızın əsrlər boyu əldə etdiyi dini dözümlülük keyfiyyətini daha da möhkəmləndirmişdir. Əslində Azərbaycan ərazisi bütün dövrlərdə dini – ayrı seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, üstəlik, bura təkcə fərqli dinlərin mənsubları deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən islamla bağlı məzhəblərin nümayəndələri pənah gətirmişlər. Əhalinin tərkibi həm etnik, həm də məzhəb baxımından zəngin olsa da müxtəlif dinlərin  və fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük  əlaqələri formalaşmış, milli irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır. Müxtəlif dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar.

Azərbaycanın islamlaşması erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir.

Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr  ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. “Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə” Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi.  İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı – müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilir və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk şexülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin birinci müavini sayılır və sünniməzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edir.

Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək  fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.

Azərbaycanda islam şiə-imami, sünni-hənəfi və şafii məzhəbləri ilə təmsil olunmuşdur. Son zamanlar  bir sıra digər məzhəblərin və sufi təriqətləri də bölgəyə yol tapmaqdadır.

Müstəqillik illərində Azərbaycanda gedən islamlaşma prosesində müqəddəslərə pərəstişin gücləndiyi müşahidə olunur – ənənəvi pirlərlə yanaşı təzə pirlər də yaradılır. Bəhailik öz məhfəlini yaratmış və fəaliyyətini ildən-ilə genişləndirir.

Ölkəyə qeyri-ənənəvi dinlərin nüfuzu güclənir. Heç vaxt Azərbaycanda mövcud olmayan Beynəlxalq Krişna Şüuru cəmiyyəti artıq 10 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. Bir sıra protestant təmayüllü dini icmalar ilk dəfə Azərbaycanda 90-cı illərin ortalarında dövlət tərəfindən qeydiyyata alınaraq öz dini ideyalarını yayırlar.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanda bugünkü gündə  374 dini icma dövlət qeydiyyatından keçmişdir.

Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra dini etiqad azadlığının bərpası xalqı öz dinini daha yaxından öyrənmək və ona etiqad etmək haqqını geri qaytarmışdır. Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılaraq vətəndaşların vicdan azadlığı hüququ Konstitusiyada, eləcə də geniş şəkildə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Konstitusiyanın 18-ci maddəsi isə dövlət və din münasibətlərinin konstitusion əsaslarını müəyyənləşdirməkdədir. Belə ki, Konstitusiyaya əsasən, din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, ya da insanlıq prinsiplərinə zidd olan dinlərin yayılması   və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Kostitusiyanın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir.

Bundan əlavə ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı haqqında olan qanunverilcilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. 2001-ci ildə Konstitusiyada vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı iləı bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanmışdır.

Azərbaycan məscid, kilsə və sinaqoqun bir arada olduğu unikal məkanlardan biridir. Azərbaycanda hökm sürən tolerantlıq mühiti nəinki dini rəhbərlər tərəfindən, eləcə də siyasətçilər, diplomatlar tərəfindən də dəfələrlə qeyd edilmişdir. ATƏT – in İnsan Hüquqları və Demokratik Təsisatlar  Bürosunun keçmiş rəhbəri Jerar Ştudman etiraf etmişdir ki, “Azərbaycanda dini dözümlülük heç də yeni konsepsiya deyildir. Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, dözümlülüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə  nümunə göstərə bilərik.”