Azərbaycanın neft strategiyası

Qədim tarixə, zəngin mədəniyyətə, tükənməz yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycanı keçmiş dövrlərdən “neft ölkəsi” adlandırmışlar. 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Xəzər regionu, xüsusilə ölkəmiz Amerika, Avropa və Asiyanın aparıcı dövətlərinin maraq obyektinə çevrildi. Buna səbəb, ilk növbədə, bölgənin geosiyasi və geoiqtisadi əhəmiyyəti, Xəzərin zəngin karbohidrogen ehtiyatlarına malik olması idi.

Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu gündən-günə artır. ABŞ bu bölgəni öz milli maraq zonası elan etmiş, Avropa İttifaqı ölkələri, Çin, Yaponiya kimi dövlətlər isə regionda təmsil olunmaq üçün ciddi səylər göstərirlər. Qərb dövlətləri Fars körfəzi neftinə alternativ olaraq Xəzər neftini və Bakı–Tbilisi-Ceyhan əsas ixrac boru kəmərini görürlər. Tədqiqatçıların fikrincə, Xəzər regionu inkişaf etmiş ölkələr üçün əlavə enerji mənbəyi rolunu oynamağa qadirdir.

Azərbaycan Respublikasının neft strategiyası özündə Azərbaycan neftinin xarici şirkətlərin iştirakı ilə çıxarılması və xarici bazarlara təhlükəsiz və milli maraqlara uyğun şəkildə nəqli, Xəzərin hüquqi statusunun  sahilyanı dövlətlərin hər birinin mənafeyi nəzərə alınmaqla ən optimal şəkildə həlli məsələlərini özündə əks etdirirdi. 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” adını almış ilk neft müqaviləsi imzalandı. Bu tarixi sənədin imzalanması mərasimində 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Müqaviləyə əsasən, ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Səudiyyə Ərəbistanı  və Yaponiyaya məxsus aparıcı neft şirkətləri yataqlardan 30 il müddətinə 640 mln ton neft çıxarmalı idilər.

Artıq dünyanın 16 dövlətinin 36 aparıcı şirkəti ilə 26 yeni neft müqaviləsi imazalanmışdır. Bu müqavilələr əsasında 30 il müddətinə Azərbaycanın neft sənayesinə 200 milyard dollara qədər investisiya qoyulması nəzərdə tutulmuşdur.

Bu nailiyyətlər heç də asan əldə olunmamışdır. Hələ müstəqillik ənənələri zəif olan, torpaqları işğala məruz qalmış Azərbaycanın xarici dövlətlərlə müstəqil tərəfdaş rolunda çıxış etməsi o dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Müqavilədə iştirak edəcək hər bir  xarici ölkə, xüsusən, nüfuzlu Qərb dövlətləri əslində Azərbaycanın suveren hüquqları və dövlət müstəqilliyi üçün əlavə təminatçı rolu oynamalı idi. Rusiya və İran kimi dövlətlər Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarına və dənizin sektor bölgüsünə özünəməxsus mövqe nümayiş etdirirdilər. Azərbaycan xarici dövlətləri Xəzərdəki neft-qaz layihələrinin işlənməsinə cəlb etməklə, əslində onların dəstəyini qazanmağa, Rusiya və İranın təzyiqlərinin dəf olunmasında onların da gücündən istifadə etməyə çalışırdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan özünə beynəlxalq tərəfdaşlar axtarırdı. Bu mənada, Xəzər  nefti Qərb dövlətləri ilə Azərbaycanın maraqlarını uyğunlaşdırmaq, tərəfdaşlıq  münasibətləri yaratmaq üçün çox əhəmiyyətli bir faktor ola bilərdi.

Xəzər regionunun, xüsusilə Azərbaycanın neft və qaz ehtiyatlarına  ən çox maraq göstərən dünyanın aparıcı dövlətlərindən biri ABŞ-dır. “Əsrin müqaviləsi”ndə Qərb dövlətləri içərisində ən mühüm pay ABŞ şirkətlərinə ayrılmışdır. Azərbaycanın ABŞ şirkətlərinə belə böyük faizlə yer ayırması ölkəmizin üzləşdiyi iqtisadi və siyasi problemlərin həllində ABŞ-ın hərbi-siyasi dəstəyinə arxalanmaq istəyi ilə əlaqədar idi.

Azərbaycan Respublikasının neft strategiyasının tərkib hissələrindən biri də neftin dünya bazarlarına və əsas istehlakçılara təhlükəsiz yollarla çatdırılmasından ibarətdir. Bu mənada, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının ixrac marşrutları, hansı ölkələrin ərazilərindən keçməsi  böyük aktuallıq kəsb edirdi.

«Əsrin müqaviləsi» və digər nəhəng layihələrin həyata keçirilməsi Azərbaycanın xarici siyasətinin uğurlarıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri layihələri, onların həyata keçirilməsi üçün görülən işlər bu siyasətin tərkib hissəsidir.

1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi”nə əsasən  “Çıraq”  yatağından ilkin neftin çıxarılması müstəqilliyimizin tarixində olduqca əhəmiyyətli hadisə idi. 1997-ci il noyabrında Avropa bazarına ilk Azərbaycan nefti axmağa başladı. Bu, müstəqil Azərbaycan Respublikasının neft siyasətinin mühüm qələbəsi idi. Azərbaycan neftinin pay bölgüsünə dair ilk müqavilənin imzalanmasından sonra onun Avropa bazarına çıxarılması məsələsi müzakirə edilməyə başlandı və neftin ixracı ilə bağlı müxtəlif variantlar irəli sürüldü.

1995-ci il oktyabr ayında “Əsrin müqaviləsi”ndə iştirak edən dövlətlərin konsensusa gəlməsi nəticəsində neftin ixracı ilə əlaqədar iki neft kəmərinin çəkilməsi irəli sürülmüşdür.

Qərb marşrutu üzrə çəkiləcək kəmər ilkin variantda Gürcüstanın Qara dəniz sahillərindəki Supsa limanınadək uzadılmalı idi. Şimal marşrutu üzrə ciddi təmirə ehtiyacı olan hazır neft kəməri də mövcud idi. Kəmər Qroznıdan keçməklə, Novorossiyskə qədər uzanırdı. Qərb marşrutuna dair qərar Türkiyədə böyük razılıqla qarşılansa da, həm Rusiya, həm də Ermənistan bundan açıq şəkildə narahat olduqlarını bildirmişdilər. Türkiyənin qüvvətlənməsi Avropa dövlətlərinin də ürəyindən deyildi. “Əsrin müqaviləsi”ndə 39%  paya malik ABŞ  şirkətləri neft ixrac kəmərinin hər iki marşrutunu  dəstəklədiklərini bildirmişdilər. Şimal ixrac kəmərinin imkanları məhdud idi və Rusiya onu yenidən qurmaq iqtidarında deyildi. Eyni zamanda bu kəmər iqtisadi və siyasi səbəblərdən Azərbaycanı qane etmirdi. Azərbaycan Rusiyadan asılılığını azaltmağa çalışırdı. İqtisadi mənada isə bu yol çox uzun idi və qışda hava şəraiti ilə bağlı Novorossiysk limanının fəaliyyəti dayanırdı.

Xəzər neftinin ilkin ixrac marşrutları ilə yanaşı, strateji neft kəməri məsələsi ətrafında da gərgin diplomatik mübarizə gedirdi. Həmin marşrutun reallaşdırılması yollarına dair 3 variant irəli sürülür:

  1. Azərbaycan-Gürcüstan-Türkiyə
  2. Azərbaycan-Iran-Naxçıvan-Türkiyə
  3. Azərbaycan-Ermənistan-Türkiyə

Üçüncü variant məlum siyasi səbəblərdən mümkün deyildi. İran ərazisindən çəkiləcək neft kəməri isə Azərbaycanın Avropa partnyorları üçün sərfəli olmayacaqdı və bu mənada Rusiya neftinin alınması daha sərfəli idi. Görkəmli Amerika diplomatı Z.Bzejinski strateji boru kəmərlərinin əhəmiyyətindən bəhs edərək göstərirdi ki, əgər bu kəmərlər ilkin neftin ixrac kəməri kimi Rusiyanın ərazisindən keçməklə, Qara dənizə çıxarsa, region bütövlüklə yenə də Rusiyanın təsiri altında qalacaq, Rusiyanın burada güc tətbiq etməsinə ehtiyac qalmayacaqdır.

İxrac boru kəmərlərinin ərazilərindən keçdiyi ölkələrə böyük miqdarda gəlir vəd etdiyi üçün iqtisadi  və siyasi baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bir qayda olaraq, boru kəmərlərinin keçdiyi regionlarda sülh və asayişin qorunmasına beynəlxalq təminat olduğu üçün Azərbaycan da Qarabağ münaqişəsinin həllində bundan diplomatik vasitə kimi istifadə etmək imkanlarına malik idi.

Xəzər neftinin ixrac marşrutlarına dair mövcud variantlardan yalnız biri Rusiyanın müqavimətinə baxmayaraq, neft müqaviləsinin iştirakçısı olan bütün dövlətlər tərəfindən dəstəklənir. Bu, Bakı–Tbilisi-Ceyhan marşrutudur. Təqribən 10 il bundan əvvəl sadəcə əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri layihəsinin reallığa çevrilməsi heç də asan başa gəlməyib. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul sammiti zamanı Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşa olunması haqqında saziş imzaladılar. İmzalanma mərasimində ABŞ Prezidenti B.Klintonun iştirak etməsi və bu sazişi dəstəkləməsi onu göstərdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə region ölkələrinin deyil, həm də Qərb dövlətlərinin dəstəklədiyi əsl beynəlxalq layihədir.

Ötən müddətdə saziş əleyhdarlarının cidd-cəhdlərinə baxmayaraq, layihəyə dair bütün detalları aydınlaşdırmaq, onun iqtisadi və kommersiya baxımından əhəmiyyətini tam dəqiqləşdirmək üçün lazımi tədbirlər həyata keçirildi. 2002-ci ilin sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bu bir daha sübut etdi ki, Bakı-Tbilisi-Ceyhan layihəsi dövrümüzün reallığıdır.

Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın yeni neft strategiyasının təntənəsidir.Artıq üç dənizin əfsanəsi reallığa çevrilmişdir və Azərbaycanın nefti dünya bazarına çıxır. Bakı yaxınlığındakı  Səngəçal terminalından başlayaraq, Gürcüstandan keçməklə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1770 km-lik xəttin “qara qızılla” doldurulması üçün 50 mln barel xam neft tələb olunur. Bu neft Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılır. 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə Səngəçal terminalında təntənəli mərasim keçirilmişdir.

Geosiyasi əhəmiyyəti və iqtisadi göstəriciləri nəzərə alınmaqla Bakı–Tbilisi- Ceyhan  layihəsi həm Türkiyə, həm də Qərb dövlətləri tərəfindən, xüsusilə də ABŞ tərəfindən dəstəkləndi. Türkiyə neftin Avropaya daşınması ilə regionda əhəmiyyətini artırdı. Türkiyə və Azərbaycan arasında olan ənənəvi dostluq və qardaşlıq münasibətlərinin də yeni bir səhifəsi açılır və kəmərin uzunmüddətli fəaliyyəti xalqlarımıza həm rifah gətirəcək, həm də yeni imkanlar yaradacaqdır.Yəni, bu boru kəmərinin Azərbaycana və bizə dost olan ölkələrə təsiri çoxtərəfli olacaqdır.

Rusiyanın regiondan çıxarılmasına çalışan ABŞ  bu layihəyə müsbət reaksiya verdi. ABŞ öz əsas geostrateji məqsədinə-Qafqazda Rusiya və İranın mövqelərinin zəifləməsinə nail oldu. Bu nöqteyi-nəzərdən Bakı–Tbilisi- Ceyhan  regionun Rusiya təsirindən azad edilməsində növbəti addım oldu.

Azərbaycan Qafqazda ABŞ və Türkiyənin əsas müttəfiqinə çevrilməklə siyasi dividentlər əldə etdi.  BTC həm də Qazaxıstan nefti üçün də sərfəlidir. Artıq bu barədə Azərbaycan və Qazaxıstan arasında danışıqlar gedir.

Neft daşımaları üzrə ABŞ-ın İrana qarşı siyasəti, Rusiyanın Qafqazda, Avrasiyada öz geopolitik və tranzit mövqelərini qoruyub saxlamaq istəyi, Gürcüstanın daxili münaqişələri, Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi, Türkiyədə kürd terrorunun canlanması və s. kimi amillər neft kəmərinin reallaşmasına ciddi təsir edə biləcək  siyasi və beynəlxalq faktorlardır.

Neft strategiyası nəticəsində Azərbaycan böhranlı vəziyyətdən çıxdı, müstəqil dövlətçiliyimizə olan təhlükələr aradan qaldırıldı. Neft strategiyasının reallaşması cəmiyyətin daha da demokratikləşməsinə, demokratik təsisat və qurumların formalaşmasına, sosial-iqtisadi problemlərin, o cümlədən işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin problemlərinin həllinə, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və s. sahələrin inkişafına böyük töhvə verir.

Neft strategiyası və neft müqavilələrinin imzalanması ilə Azərbaycan dünya birliyinə inamla inteqrasiya olundu.Dünya dövlətləri ilə normal əlaqələr yaratdı və öz milli təhlükəsizliyinə təminat əldə etdi. Azərbaycanın neft strategiyası Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün, qonşu, dost Gürcüstanın iqtisadiyyatının dirçəlməsi üçün, bütövlükdə türk dünyası xalqları üçün, suveren türkdilli dövlətlərin iqtisadi qüdrətinin möhkəmlənməsi üçün böyük əhəmiyyətə malikdir.

Ən başlıcası isə Azərbaycana böyük həcmdə vəsait daxil olacaqdır ki, bu da Azərbaycanın XXI əsrdəki iqtisadi tərəqqisi üçün xüsusi əhəmiyyətə malikdir.